image

Daşıma şirkətlərinin yol verdiyi nöqsanlar

16 yanvar 2022, 09:13

Son günlərdə bəzi daşıma (karqo) fəaliyyəti göstərən şirkətlər tərəfindən istehlakçıların hüquqları kobud şəkildə və kütləvi olaraq pozulmaqdadır.

Daşıyıcılar istehlakçı ilə əvvəlcədən razılaşdırılmış daşıma şərtlərini birtərəfli formada dəyişərək, anbarda saxlama müddəti üzrə əlavə ödənişin tələb edilməsi, məhsulun razılaşdırılmış anbara çatdırılmaması, çatdırılma müddətinin uzadılması kimi istehlakçıların hüquqlarını məhdudlaşdıran və vəziyyətini pisləşdirən razılaşdırılmamış əlavə şərtlər müəyyən etməkdədirlər.

Mülki qanunvericiliyə əsasən, müqaviləyə hər hansı dəyişikliklərin edilməsi qanunvericilikdə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız tərəflərin razılaşması ilə həyata keçirlə bilər.

Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız hesab edilir.

Daşıyıcı şirkətlər ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda, istehlakçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Eyni zamanda qeyd edilən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə inzibati xəta məsuliyyəti daşımaqdadırlar.

Əgər Siz də bu hallarla rastlaşmısınızsa, pozulan hüquqlarınızın bərpası və məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aşağıdakı keçid vasitəsi ilə elektron qaydada Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə isə məhkəməyə müraciət edə bilərsiniz.

AİBNDX-yə onlayn müraciət üçün: https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif